Azərbaycan məbədləri

Tarixən Azərbaycan böyük bir sahədə – Qafqaz dağlarından başlayıb müasir İrandakı Səfidrud çayı arasındakı ərazidə yerləşirdi. Azərbaycan ərazisindən karvan yolları, o cümlədən Şumer, Assuriya, Yunan, Roma, İran, Türk, Hind, Çin və s. kimi qədim sivilizasiyaları birləşdirən Böyük İpək Yolu keçirdi. Bu sivilizasiyaların hər biri öz mədəniyyətini və etiqadını güclə, yaxud "xoşluqla" Azərbaycanda yaymağa can atırdı. Azərbaycan bu gün özünə doğmalaşmış İslam dinini qəbul edənə qədər demək olar ki, dünyanın bütün dinlərindən keçmişdir.

Qərbdən Bizans, cənub-qərbdən Suriya Azərbaycanda xristianlığı, cənubdan, cənub-şərqdən İran zərdüştlüyü, şimaldan Xəzərlər iudaizmi yaymağa cəhd göstərirdi, Səlcuqlar, Türk-monqollar isə özləri ilə buddizmi gətirmişdilər.

Çox vaxt məbədləri əhalinin əsas hissəsinin dini qəbul etməsindən, yaxud da onun dövlət dini elan olunmasından çox-çox əvvəl inşa etməyə başlayırdılar. Belə ki, tək Qafqazda deyil, bütün xristian aləmində ən qədim abidələrdən sayılan Şəkinin Kiş kəndindəki xristian məbədi Qafqaz Albaniyasının xristianlığı qəbul etməsindən xeyli əvvəl tikilmişdi. "Avesta"da adı çəkilən Təxti-Suleymandakı odlar məbədi zərdüştlüyün ən qədim abidələrindən biri olmaqla bərabər, həm də ən çox sayılanı idi. Özlərinin məşhur məbədləri olmasına baxmayaraq, Sasani şahənşahlarının tacqoyma mərasimləri bu məbəddə keçirilirdi. Yampolski Azərbaycanı zərdüştlüyün papalıq vilayəti adlandırırdı. Belə vilayətlərdən biri, özündə Qobustan və Abşeronu birləşdirən və hazırda Suraxanıda fəaliyyətdə olan Atəşgah məbədi, qədim odlar məbədi və odlar mehrabının qalıqları tapılan Bakı rayonu idi. Zaqatala rayonunda eramızın əvvəllərində çox unikal qayaüstü məzdəkizm abidəsi günümüzədək gəlib çatmışdır. Qarabağda, Şəki-Zaqatala rayonunda, həmçinin Qazax rayonunda xristianlığın çoxlu məbədləri qalmışdır. İlk dəfə İlhanilər tərəfindən inşa edilmiş çoxlu Budda məbədləri sonradan İslamı qəbul etmiş xələfləri tərəfindən dağıdılmışdı. Qədim yəhudi məbədi qalmamışdır. Dağ yəhudilərinin bu gün də Qubada fəaliyyətdə olan ilk sinaqoqu XIX əsrin sonlarında tikilmişdir. Ərəb müsəlman dünyasından xaricdə ən qədim məscidlər Azərbaycanda inşa edilib, bu günümüzədək qalmışdır. Yuxarıda deyilənlərlə əlaqədar çoxları Azərbaycanı Allah tərəfindən xeyir-dua verilmiş ölkə hesab edirdilər:

O, (Azərbaycan ölkəsi) bəxtiyar ölkələrdən biridir,

Onda günəş idrakı parladı

Bu ölkə Allahdan xeyir-dua alıb

O, peyğəmbərlərin və müqəddəslərin mehrabıdır.

 

Gənc, müstəqil Azərbaycan qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə dayanır.