Əsas səhifə / Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva 105 nömrəli körpələr evi-uşaq bağçasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə təchiz olunub.

Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.