Parisdə Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilib

Sentyabrın 9-da Parisdə Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı iqamətgahın önündə UNESCO -nun Baş direktoru Koişiro Matsuura, Xoşməramlı səfirlər proqramının rəhbəri xanım Bəsma İrşeid və digər rəsmi şəxslər böyük səmimiyyətlə qarşıladılar.

Mərasimdə UNESCO-nun Baş direktoru Koişiro Matsuura çıxış etdi:

- Hörmətli xanım Mehriban Əliyeva!

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev!

Hörmətli xoşməramlı səfirlər, xanımlar və cənablar!

UNESCO evinə xoş gəlmisiniz. Sizin hamınızı UNESCO-nun iqamətgahında böyük məmnuniyyətlə salamlayıram.

Bu əlamətdar gündə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri xanım Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülür. Bu ad ona şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə təqdim olunur. Mən bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsindən şərəf duyuram. Həm hörmətli Prezidentə, həm də xanımı Mehriban Əliyevaya " UNESCO evinə xoş gəlmisiniz!" deyirəm. Bu imkandan istifadə edərək, Zati-aliləri cənab Prezidentə dövlət quruculuğu və sosial inkişaf sahəsində əldə etdiyi uğurlara nə qədər heyran olduğumuzu da bildirmək istəyirəm.

Xanım Mehriban Əliyevanın yüksək ada layiq görülməsi təşkilatımızın tarixindəki mühüm bir anda baş verir. Bu təltif onu göstərir ki, mədəniyyət inkişafın tacıdır və tacları bəzəyən bütün ləl-cəvahiratdan daha qiymətlidir.

UNESCO həmişə mədəniyyəti və inkişafı bir-birindən ayrılmaz hesab edir. Biz iqtisadi inkişafı ayrılıqda nəzərdən keçirmir, inkişaf dedikdə, həm də intellektual səviyyənin yüksəkliyini, ruhi, mənəvi, emosional rahatlığı nəzərdə tuturuq. Bu inkişaf qrupların, icmaların, millətlərin gələcəyi ilə yanaşı, həm də onların tarixlərinin qorunmasını nəzərdə tutur.

Ona görə də burada toplaşmış hörmətli qonaqlara böyük məmnuniyyət hissi ilə xanım Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət sahəsində yorulmaz fəaliyyəti barədə danışmaq istəyirəm. Mən onun mədəni irsin, o cümlədən musiqi irsinin qorunması, musiqi təhsili sahəsində gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu onun təşəbbüsü ilə 1995-ci ildə yaranmışdır və bu günə qədər uğurla fəaliyyət göstərir.

Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzində olmuşdur. Təqdirə və hörmətə layiq haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tamamilə təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan uşaqların bu prosesə cəlb olunması xüsusilə diqqətəlayiq haldır.

Böyük məmnuniyyətlə mən üç dildə nəşr olunan "Azərbaycan-İRS" jurnalını da xatırlatmaq istəyirəm. Xanım Əliyeva bu jurnalda baş redaktor vəzifəsini icra edir. Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi və mədəniyyəti barədə məlumatlar yaymaqla kifayətlənmir, eyni zamanda, bütün dünya xalqlarının adət-ənənələrindən ətraflı bəhs edir.

Bilirəm ki, xanım Əliyeva Azərbaycanda musiqi və şifahi xalq yaradıcılığının yayılmasına böyük önəm verir. Azərbaycan zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malikdir. Son illər isə bu sahəyə maraq hədsiz dərəcədə artmışdır.

Musiqinin və musiqi alətlərinin funksiyası yalnız səslərlə bitmir. Bunlar xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hissləri, habelə estetik dəyərləri əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması ilə bağlı 2003-cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz musiqi fraqmenti daxil edilmişdi.

Bu gün bizimlə bu mərasimdə iştirak edən digər Xoşməramlı səfir xanım Marianna Volqaros bu təşəbbüsü dəstəkləmişdir. UNESCO üzv ölkələri daim mədəni irsi inkişaf etdirməyə, xüsusilə nadir incilərin qorunub saxlanılmasına xüsusi qayğı göstərməyə çağırır. Keçən il qəbul olunmuş milli mədəni irsin qorunması ilə bağlı Konvensiya bu yönümdə çox mühüm bir sənəd və xalqları bu istiqamətdə birləşdirən ilk vasitə olmuşdur. Yeni Konvensiya hələ 1972-ci ildə qəbul olunmuş dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya mükəmməl bir əlavə idi. UNESCO bu Konvensiyanı tezliklə ratifikasiya etməyi bütün dünya ölkələrinə tövsiyə edir. Biz arzu edirik ki, bu mühüm sənədin müddəalarının yerinə yetirilməsi prosesinə mümkün qədər tez bir zamanda başlanılsın.

Zati-aliləri, xanımlar və cənablar!

Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz səyləri ilə UNESCO-nun Xoşməramlı səfiri adını qazanan xanım Mehriban Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər xoşməramlı səfirlərin sırasına daxil olur. Bu fəxri adı qəbul etdiyinə görə UNESCO adından ona minnətdarlığımı bildirirəm. Çox şadam ki, UNESCO-nu və bizim hamımızı narahat edən məsələlərlə bağlı səfirlik missiyasını yerinə yetirməyə razılıq vermişdir. Ümumi məqsədlərimizin həyata keçməsi üçün nüfuzundan istifadə edərək, işimizə töhfə vermək üçün göstərəcəyi səylərə görə xanım Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk.

Xanım Əliyeva, böyük məmnuniyyət hissi ilə musiqi mədəniyyətinin inkişafındakı səylərinizə görə Sizə UNESCO-nun Xoşməramlı səfiri fəxri adını təsdiqləyən diplomu təqdim edirəm. Sizə habelə müvafiq sertifikat da təqdim edir, yeni işinizdə uğurlar diləyirəm. UNESCO-nun səfirləri ailəsinə daxil olmağınız münasibətilə Sizi bir daha təbrik edirəm.

Sonra Mehriban Əliyevaya söz verildi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Rəsmi hissədən sonra Mehriban Əliyevaya Xoşməramlı səfir fəxri adı verilməsi münasibətilə qəbul təşkil edildi.

Daha sonra mərasim iştirakçıları Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş jurnalla, habelə xalqımızın adət və ənənələri, məişəti barədə məlumatları əks etdirən guşə ilə tanış oldular.