Mehriban Əliyeva Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva BMT-nin aparıcı qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülmüşdür. Martın 3-də Fondda mükafatın təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimdən əvvəl ÜƏMT-nin baş direktoru Kamil İdris və təşkilatın nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

Cənab Kamil İdris Fondun Xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə görüş oldu.

Mehriban xanım Əliyeva qonaqları səmimiyyətlə salamladı, dünyanın mötəbər təşkilatının təmsilçilərini ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən qürur duyduğunu söylədi. Bakıda olduqları müddətdə qonaqların ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəniyyəti haqqında məlumat əldə etdiklərinə əminliyini bildirən Fondun prezidenti Azərbaycan mədəniyyətinin tədqiqi, öyrənilməsi, nəşri, qorunub saxlanması, gənc nəslə çatdırılması, dünyaya yayılması, təbliği sahəsində gördüyü işlər barədə məlumat verdi. Bildirildi ki, Fond nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da çox böyük əhəmiyyət verir.

Azərbaycanın birinci xanımının xeyriyyəçilik fəaliyyəti, rəhbərlik etdiyi fondların elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə çox dəyərli layihələr işləyib həyata keçirdiyi barədə Bakıya səfərdən əvvəl eşidib öyrəndiklərinin onda və həmkarlarında yüksək təəssürat oyatdığını söyləyən ÜƏMT-nin baş direktoru Kamil İdris, bu görüşdən, Mehriban xanımla tanışlıqdan çox məmnun olduğunu bildirdi. O dedi ki, Mehriban xanımın qısa nitqi də onun əhatəli dünyagörüşünə, dərin intellektə malik olduğunu sübut edir. ÜƏMT-nin ən yüksək mükafatı olan qızıl medala da məhz mədəni, mənəvi dəyərlərin qorunub saxlanmasına mühüm töhfələr verən, əməli yardım edən dərin intellektli şəxslər layiq görülür.

Təşkilatın baş direktoru qızıl medalı Mehriban xanım Əliyevaya təqdim etdi.

Xoş sözlərə və yüksək mükafata görə ÜƏMT-nin baş direktoruna təşəkkür edən Mehriban xanım qonaqlara Fondun layihələrindən ibarət hədiyyələr təqdim etdi, onlarla birlikdə xatirə şəkli çəkdirdi.