Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüş

Martın 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Mehriban Əliyeva görüşdə çıxış edib.

Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla Leuka “HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, “HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirib. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğulayıb. Qeyd edib ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.

“Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev sahibi olan ölkənin cəmiyyətinin açıqlığı, dostluğu, qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik”, - deyən Alla Leuka təmsil etdikləri “HOMS” təşkilatının gördüyü işlərdən danışıb, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. Bildirib ki, bu cür görüşlər beynəlxalq ictimaiyyətlə ev sahibi olan ölkənin rəhbərliyi və xalqı arasında əlaqələri gücləndirməyin daha bir yoludur. Alla Leuka Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, bütün insanlara dostluq və firavan həyat arzulayıb.

XXX

Sonda xatirə şəkli çəkdirilib.